“Qarabağ” “Tottenhem”lə üz-üzə – Londona 4-cü səfər

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu səfərdə İngiltərənin “Tottenhem” komandası ilə üz-üzə gələcək.

Londondakı “Tottenhem” arasındakı baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Villi Delajo olacaq.

İngiltərə təmsilçisi doğma meydanda baş tutacaq bu oyunda uğurlu start arzusundadır. Azərbaycan çempionu da güclü rəqiblə çətin səfər oyununda ən azı uduzmamaq çüün mübarizə aparacaq.

Qeyd edək ki, “Tottenhem” Ağdam klubu üçün tanış rəqibdir. Təmsilçimiz 2015-ci ildə də Avroliqanın qrup mərhələsində bu komandaya qarşı mübarizə aparıb. İlk oyununu səfərdə keçirən Azərbaycan çempionu hesabı açdığı qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılmışdı. Bakıdakı görüşdə isə “Tottenhem” 1:0 hesabıyla üstün olmuşdu.

“Qarabağ” ondan sonra daha iki dəfə İngiltərə təmsilçiləri ilə avrokuboklarda rəqib olub. 2017-ci ildə “Çelsi” ilə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan görüşlərdə nəticələr uğursuz olmuşdu (səfərdə 0:6, evdə 0:4). Ondan bir il sonra isə Avroliqanın qrup mərhələsində “Arsenal” Azərbaycan təmsilçisi üçün keçilməz olmuşdu – evdə 0:3, səfərdə 0:1.

Bu mövsümdən yeni formatda keçirilən Avroliqanın Liqa mərhələsində ev-səfər prinsipi aradan qaldırılıb. Bu üzdən də komandalar cəmi bir oyunda üz-üzə gələcəklər. “Qarabağ”ın “Tottenhem”lə evdə oynamayacağını nəzərə alsaq, Ağdam klubu çətin rəqibə qarşı yeganə matçında uğur qazanmaq üçün var gücünü ortaya qoymalıdır.

Xatırladaq ki, Avroliqanın Liqa mərhələsində “Qarabağ”ı daha 7 komanda ilə görüş gözləyir.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr

23:00. Tottenhem – Qarabağ
Hakimlər: Villi Delajo, Ervan Finjan, Filip Jan, Tomas Leonard (Fransa).
London. “Tottenhem” stadionu.