Ötən gün səfərdə “Araz-Naxçıvan”ın qonağı olmuş “Qarabağ” futbol üzrə Azərbaycan Kubokunda 75-ci səfər oyununu keçirib.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk matçına təsadüf edib.
“Araz-Naxçıvan”la görüş Ağdam klubu üçün yubileylə əlamətdar olub. 75-ci qarşılaşma həm də 20-ci məğlubiyyətlə nəticələnib. Qurban Qurbanovun yetirmələri 0:1 hesabı ilə uduzublar.
Qeyd edək ki, Ağdam klubu ölkə kubokunda 1993-cü ildə debüt edib.
“Araz-Naxçıvan” isə Azərbaycan Kubokunda 30-cu qolunu vurub. Yubiley yarımfinalın ilk oyununa təsadüf edib. Matçdakı yeganə qolun müəllifi olan Felipe Santos Naxçıvan təmsilçisinin 30-cu topuna imza atıb. Bu, klub tarixinin 19-cu kubok görüşünə təsadüf edib.
Felipe həm də “Araz-Naxçıvan”ın 10-cu ev qolunun müəllifi olub. Bu, öz meydanındakı 9-cu qarşılaşmada qeydə alınıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan kubokunda 2000/2001-ci illər mövsümündə debüt edib.