“Qarabağ” üçün “Malmö” sınağı və yubiley qələbə şansı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində 2-ci oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu doğma meydanda İsveçin “Malmö” komandası ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzubsa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olub – 0:2.

“Malmö” avrokuboklarda ilk dəfə Ağdam klubuna rəqib olur. Lakin Azərbaycan və İsveç klubları indiyədək 8 dəfə üz-üzə gəliblər. Bugünkü matç sayca 9-cu belə duel olacaq.

Bu qarşılaşmalarda təmsilçilərimiz böyük üstünlüyə malikdirlər. 6 qələbə qazanan komandalarımız 2 dəfə uduzublar. Maraqlıdır ki, 8 matçın heç birində heç-heçə qeydə alınmayıb. 10 qol vuran klublarımız 3 top buraxıblar.

Bu 8 oyundan 6-sı “Qarabağ”ın hesabındadır. Qurbanovun komandası skandinaviyalılara 5 dəfə qalib gəlib və yalnız bir dəfə uduzub. 9 qol vuran Ağdam klubu cəmi 2 top buraxıb. Təmsilçimiz bu 6 oyunu üç fərqli rəqibə qarşı keçirib. Qurbanovun komandası iki dəfə rəqibini mübarizədən kənarlaşdrıb, bir dəfə isə qrupda iki dəfə üz-üzə gəlib.

Ağdam klubu bu gün tarixində 70-ci avrokubok qələbəsini qazana bilər. Təmsilçimiz bunun üçün “Malmö”yə qalib gəlməlidir. Komanda indiyədək 69 qələbə qazanıb. Son üç görüşdə uduzan çempionumuz yubileyi təxirə salıb.

İndiyədək qitə kuboklarında 182 matça çıxan “Qarabağ” 69 qələbə qazandığı müddətdə 46 heç-heçə edib və 67 dəfə uduzub. Qalibiyyətlərdən 36-sı Avropa Liqasına təsadüf edib. Çempionlar Liqasında 24 uğuru olan komanda Konfrans Liqasında 8, İntertoto kubokunda 1 dəfə sevinib. Yalnız Kuboklar kubokunda qələbəsi olmayan koomandanın ilk zəfəri isə 25 il əvvəl qeydə alınıb.

Avropa Liqası
Liqa mərhələsi, 2-ci tur
3 oktyabr

20:45. Qarabağ – Malmö
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Aleksandros Tsakalidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri istədiklərinizlə paylaşın