“Qarabağ” UEFA reytinqində Azərbaycanı Rusiyaya yaxınlaşdırdı

“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşdığı Norveçin “Molde” komandası ilə səfər oyununda məhsuldar heç-heçəyə imza atıb – 2:2.

Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 3.875 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklar təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 2,750 xalı isə məhz “Qarabağ” əldə edib.

Son 5 mövsümdəki ümumi əmsalı 18.125-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır. Azərbaycanı isə Moldova (13,125) izləyir.

Reytinq cədvəlinə yenə İngiltərə (98,678) başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (79,909) dördüncü, Fransa (59,664) isə beşinci sıradadır. Türkiyə 35,600 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.