Azərbaycan kubokunun 2021/22 mövsümünün qalibi olan “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov yeni rekordlara imza atıblar. Arena.az xəbər verir ki, Ağdam klubu tarixində 7-ci dəfə bu mükafata sahib çıxıb.
1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17 mövsümlərində də kuboku qazanan ağdamlılar bu göstəricidə mütləq rekord müəyyənləşdiriblər.
“Neftçi”nin 6, “Kəpəz”in 4, “Bakı” və “Xəzər Lənkəran”ın hərəsinin 3, “Şamaxı”nın 2, “İnşaatçı (Bakı), “Şəfa” və “Qəbələ”nin 1 kuboku var.
“Qarabağ” 1993, 2014/15, 2015/16, 2016/17 mövsümlərində olduğu kimi, “qızıl dubl”a imza atıb. Ağdam təmsilçisi bu göstəricidə özünün müəllifi olduğu rekordu yeniləyərək 5-ə çatdırıb. “Neftçi”nin üç, “Kəpəz”lə “Xəzər Lənkəran”ın hərəyə 1 “qızıl dubl”u var.
“Qarabağ”ın qazandığı 7 kubokdan beşi Qurban Qurbanovun baş məşqçiliyi altında əldə olunub. 50 yaşlı mütəxəssis baş məşqçi kimi 5 kubok əldə edən ilk çalışdırıcı olub. Mehman Allahverdiyev 4, Ağasəlim Mircavadov 3, Əsgər Abdullayev, Kazbek Tuayev, Böyükağa Hacıyev, Sənan Qurbanov hərəyə 2, Məmmədəli Məmmədov, Böyükağa Ağayev, Cüneyt Biçər, Novruz Əzimov, Vaqif Sadıqov, Mirça Rednik, Əhməd Ələsgərov, Yuri Maksimov hərəyə 1 dəfə belə uğura əldə edib.
“Qarabağ” 4-cü dəfə Qurban Qurbanov ilə “qızıl dubl” edib. Kazbek Tuayevlə Ağasəlim Mircavadov hərəyə 2, Böyükağa Hacıyev və Mehman Allahverdiyev 1 dəfə ikiqat uğura nail olub.
“Qarabağ” Azərbaycan kubokunda 30-cu heç-heçəsini edib. Final görüşünün 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Ağdamlılar penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb. “Qarabağ” 153-cü oyununda 30-cu sülhə imza atıb. Bunlardan 11-i evdə, 18-i səfərdə və 1-i neytral meydandakı finala təsadüf edib.
Qeyd edək ki, yalnız “Neftçi” kubokda daha çox – 38 dəfə heç-heçə oynayıb.
“Qarabağ”ın futbolçusu Qara Qarayev isə Azərbaycan kubokunda 40-cı oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi 2021/22 mövsümünün final matçına təsadüf edib.
“Zirə” ilə qarşılaşma Qara üçün turnirdə 40-cı olub. O, yalnız bir komandada – “Qarabağ”da çıxış edib.
Qarayevin Azərbaycan kubokundakı debütü 2008/09 mövsümündə gerçəkləşib.


