“Qarabağ” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yeni mövsüm üçün heyətinə qatacağı ilk oyunçunu müəyyənləşdirib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi “Zirə”nin fransalı yarımmüdafiəçisi Hamidu Keytanın transferini razılaşdırıb.

Sol cinah vingeri olan fransızla artıq bütün məsələlərdə razılıq əldə olunub. O, mövsüm bitən kimi Ağdam klubu ilə rəsmi müqaviləyə imza atacaq. Müqavilənin müddəti də həmin vaxt açıqlanacaq.

Xatırladaq ki, Hamidu Keytanın “Zirə” ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir. Bu üzdən də ağdamlılar onun transferi üçün “Zirə”yə təzminat ödəmək məcburiyyətində qalmayacaq. Fransız vinger yeni klubu ilə azad agent kimi müqavilə bağlayacaq. Artıq məşhur “Transfermarkt” portalı da Keytanı Ağdam klubunun yeni transferləri siyahısında göstərir.

Hamidu Keyta 2022-ci ilin yanvar ayından “Zirə”də forma geyinir. 28 yaşlı futbolçu bu komandada indiyə qədər 54 oyun keçirib. O, bu matçlarda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız daha öncə “Botoşani” (57 oyun, 17 qol, 7 asist), “Dunarea Kalarasi” (23 oyun, 1 qol), “Şambli Oise” (19 oyun, 4 asist), “Sent Etyen” (6 oyun, 1 qol), “Santa Klara” (4 oyun), “Trellissak” (4 oyun) kimi klublarda da çıxış edib.

Sonda onu da qeyd edək ki, Hamidu bu ilin mart ayında Türkiyənin “Qalatasaray” komandasına qarşı Bakıda keçirilən xeyriyyə matçında “Qarabağ”ın heyətində çıxış etmişdi. Bu isə bir daha göstərir ki, Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov Keytanı çoxdan gözaltı edibmiş. Yeri gəlmişkən, həmin oyun Türkiyə nəhənginin 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Maraqlıdır ki, Azərbaycan çempionunda Keytanın mövqeyində onun həmyerlisi Abdullah Zubir də çıxış edir. Belədə Qurban Qurbanovun eyni mövqeli bu fransızlardan necə yararlanacağı maraq doğurur.