“Qarabağ” – Yeni rekord 49 oyunla gəldi

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətinə üzülüb. Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 30-cu turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzub.

Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan bu komanda sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

  1. “Qarabağ” – 49 (2021-23)
  2. “Qarabağ” – 31 (2018-19)
  3. “Kəpəz” – 28 (1997-98)
  4. “Turan” – 27 (1992-93)
  5. “Şəmklr” – 26 (2000-01)
  6. “Neftçi” – 26 (2003-04)

Bu qarşılaşmada həm də “Sabah”ın Ağdam təmsilçisi ilə matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: