Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün qalibi olan “Qarabağ”a çempionluq kuboku təqdim olunub.
Arena.az xəbər verir ki, bu gün “Azərsun Arena”da keçirilmiş sonuncu – 36-cı turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra mövsümün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Öncə Azərbaycan çempionatına sponsorluq etdiyinə görə “Misli” ASC-nin baş direktoru Osman Karakuşa Peşəkar Futbol Liqası tərəfindən xüsusi hədiyyə təqdim olunub.
Həmçinin 22 qolla Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün ən məhsuldar oyunusu olan “Qarabağ”ın hücumçusu Ramil Şeydayev xüsusi mükafata layiq görülüb.
Mövsümü mükafatçılar sırasında başa vurmuş “Neftçi”, “Sabah” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.
Mərasimin sonunda “Qarabağ”a çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.