Futbol üzrə Monteneqro milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan çempionu Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə itki ilə üzləşib. Belə ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç zədələnib. 27 yaşlı futbolçu məhz “Gent”lə Bakıda baş tutan ilk oyunda zədə almışdı. Bu üzdən də o, qarşılaşmanın 78-ci dəqiqəsində Leandro Andrade ilə əvəzlənmək məcburiyyətində qalmışdı. Leo isə meydana çıxdıqdan sonra komandasının qələbə qoluna imza atmışdı.
Klubdan verilən məlumatda bildirilir ki, Marko Yankoviç bu gün həkim müayinəsindən keçib. Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtıq aşkar edilib. Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu üzdən də o, “Gent”lə səfər oyunu üçün “Qarabağ”ın iştirak ərizəsinə daxil edilməyib və Belçikaya aparılmayacaq.
Xatırladaq ki, “Qarabağ” “Gent”ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması fevralın 23-dən 24-nə keçən gecə Belçikada keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Sonda onu da bildirək ki, Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”da forma geyinir. O, bu komandada 32 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Monteneqrolu oyunçu “Partizan” (Belqrad), “Teleoptik”, “Olimpiakos”, “Beytar” (Yerusəlim), “OFK Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klubların da formasını geyinib. O, Monteneqro milli komandasında meydana çıxdığı 37 oyunda da 1 qolla yadda qalıb.