“Qarabağ”dan Azərbaycan çempionatında 1400-cü qol!

“Qarabağ” futbol üzrə Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib.

1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı olan Ağdam klubu “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb.

3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub.

Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komanda olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan ağdamlılar 878-ci matçda yubileyə nail olublar. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1.60-a bərabərdir.

Xatırladaq ki, Ağdam klubunun ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: