“Qarabağ”dan üç rekord, Bədavidən 300-cü oyun!

Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 12-ci qələbəsini qazanıb. Arena.az xəbər verir ki, Ağdam klubu 13-cü turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

Bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. Ağdamlılar “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıblar. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün sözügedən komanda təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir.

Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun yetirmələrinin ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.

“Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan komanda üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.

Premyer Liqanın 13-cü turu Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov üçün də əlamətdar olub. Təcrübəli futbolçu bu komandanın heyətində 300-cü oyununu keçirib.

Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.

Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.