“Qarabağ”ın rəqibi “Bayer” “Köln”ə səfərdə qalib gəldi

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” Almaniya Bundesliqasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi ölkə çempionatının 24-cü turu çərçivəsində “Köln”lə qarşılaşıb.

Rəqib meydanında baş tutan oyun qonaq komandanın inamlı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində 38-ci dəqiqədə Ceremi Frimponq və 73-cü dəqiqədə Aleks Qrimaldo fərqləniblər. Bu qələbədə “Köln”ün 14-cü dəqiqədən etibarən 10 nəfərlə oynamasının da böyük rolu olub.

Bu qələbədən sonra “Qarabağ”ın rəqii Almaniya Bundesliqasında 64 xalla vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi, son çempion “Bayern” 54 xal toplayıbsa, “Ştutqart” 50 xalla üçüncüdür.

Leverkuzen təmsilçisi cari mövsümdə keçirdiyi 24 oyunda 20 qələbə qazanıb, 4 heç-heçə edib və hələ məğlubiyyət üzü görməyib.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.