Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” Almaniya Bundesliqasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi ölkə çempionatının 25-ci turu çərçivəsində “Volfsburq”la qarşılaşıb.
Doğma meydanda baş tutan oyun leverkuzenlilərin inamlı qələbəsiylə yekunlaşıb. Meydan sahiblərinin heyətində 37-ci dəqiqədə Natan Tella və 86-cı dəqiqədə Florian Virts fərqləniblər.
Bu qələbədən sonra “Qarabağ”ın rəqii Almaniya Bundesliqasında 67 xalla vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi, son çempion “Bayern” 57 xal toplayıbsa, “Ştutqart” 53 xalla üçüncüdür.
Leverkuzen təmsilçisi cari mövsümdə keçirdiyi 25 oyunda 21 qələbə qazanıb, 4 heç-heçə edib və hələ məğlubiyyət üzü görməyib.
Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.