“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Niderland nəhəngi “Ayaks” heyətini Milan “İnter”indən ayrılan Davi Klaassenlə gücləndirib.
Arena.az bu barədə Amstredam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Davi Klaassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə “ağ-qırmızılar”ın şərəfini qoruyub. O, bu komandanın heyətində 205 oyuna çıxıb, 41 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub.
Klaassen karyerası ərzində Almaniyanın “Verder” və İngiltərənin “Everton” klublarının da formasını geyinib. O, “İnter”ə 2023-cü ilin sentyabrında qoşulmuşdu. Niderlandlı yarımmüdafiəçi bu komandanın heyətində 18 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Davi Niderland yığmasında da 41 oyun keçirib, 10 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Qarabağ”ın “Ayaks”la Avroliqa görüşü oktyabrın 24-də Bakıda baş tutacaq.
Yeri gəlmişkən, “İnter” albaniyalı dayaq yarımmüdafiəçisi Kristyan Asllani ilə yeni müqavilə bağlayıb. 22 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin 30 iyununa qədər Milan klubunun uğurları üçün çalışmağa davam edəcək.
Kristyan Asllani “Empoli”nin yetirməsidir. 2022-ci ildən “İnter”də çıxış edən futbolçu bu komandanın heyətində meydana çıxdığı 64 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Asllani “İnter”lə İtaliya çempionu (2023/2024), İtaliya Kubokunun (2022/2023) və İtaliya Super Kubokunun (2022/2023 və 2023/2024) qalibi olub.
Gənc futbolçu Albaniya yığmasında da 25 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.