Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Tottenhem” İngiltərə Liqa Kubokunda növbəti oyuna çıxıb.
Arena.az xəbər verir ki, London təmsilçisi aşağı liqa klubu “Koventri Siti” ilə qarşılaşıb.
Görüş “Tottenhem”in qələbəsiylə başa çatıb – 2:1. London klubu 88-ci dəqiqəyə qədər 0:1 hesabıyla geridə olsa da, Ced Spens və Brenman Consonun 4 dəqiqəyə vurduğu 2 qolla qələbə qazanaraq, mərhələ adlayıb.
Yeri gəlmişkən, “Tottenhem”in iki futbolçusu “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunundan əvvəl zədələnib. Bunlar yarımmüdafiəçi Vilson Odeber və hücumçu Timo Vernerdir. Hər iki oyunçu ötən gün “Koventri Siti”yə qarşı keçirdikləri matçda sıradan çıxıb.
Baş məşqçi Angelos Postekoqlu qarşılaşmadan sonra mətbuat konfransında açıqlama verib. O, Odeberin durumunun ciddi olduğunu söyləyib, Vernerin isə vəziyyətinin hələlik bəlli olmadığını söyləyib.
Britaniya mətbuatının yazdığına görə, “Tottenhem” “Qarabağ”la oyuna ideal heyətlə çıxmayacaq. İddiaya görə, təqvim sıxlığı baş məşqçi Ange Postekoqlunu diqqəti daha çox İngiltərə Premyer Liqasına yönəltməyə vadar edib. Bu səbəbdən ölkədaxili digər turnirlərdə və Avropa Liqası matçlarında əsasən ehtiyat qüvvəyə şans veriləcək.
Postekoqlu özü də açıqlamasında bu mövsüm gənclərə çox şans verəcəyini bildirib. Bu baxımdan o, yarımmüdafiəçilər isveçli Lukas Berqvall, fransalı vinger Uilson Odober və ingiltərəli orta sahə oyunçusu Arçi Qreyi fərqləndirib. Baş məşqçinin “Qarabağ”la görüşdə də heyəti yay fasiləsində transfer edilən bu gənclərin ətrafında toplaması gözlənilir.
Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasındakı oyun sentyabrın 26-da Londonda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


