“Qarabağ”ın rəqibi yeni hücumçu transfer etdi

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan Liqa 1 klubu konqolu hücumçu Sedrik Bakambunu transfer edib.

Bu barədə Marsel təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 30 yaşlı forvardla 2.5 illik müqavilə imzalanıb. O, yeni komandasında “13” nömrəli formanı geyinəcək.

Sedrik Bakambu son olaraq Çinin “Beytszin Qoan” klubunun uğurları üçün çalışıb. O, bu komandanın heyətində meydana çıxdığı 87 oyunda 58 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransada dünyaya göz açmış futbolçu peşəkar karyerasına yetirməsi olduğu “Soşo”da başlayıb. O, 2014-cü ildə bu klubdan ayrılaraq Türkiyə “Bursaspor”una keçib. Cəmi bir mövsüm qardaş ölkədə çıxış etdikdən sonra İspaniyaya üz tutan Konqo yığmasının forvardı, “Vilyarreal”la müqavilə bağlayıb. O, Çinə də 2018-ci ildə məhz bu klubdan getmişdi. Konqo millisində 35 oyun keçirmiş futbolçu, bu komandada 13 qol vurub.

Marsel “Olimpik”i ilə “Qarabağ” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə ayın 24-də Bakıda baş tutacaq.