“Qarabağ”ın yeni transferi təşəkkürlə başladı

“Qarabağ”ın yeni transferi – braziliyalı yarımmüdafiəçi Juninyo Vieyra Ağdam klubuna keçidi barədə ilk fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 26 yaşlı sağ cinah vingeri sosial şəbəkə hesabında “Qarabağ” forması ilə şəkillərini paylaşaraq bu sözləri qeyd edib:

“Əvvəla, mənim həyatımda və ailəmin həyatında etdiyi hər şeyə görə tanrıya təşəkkür etmək istəyirəm. Yeni çağırışa görə çox məmnunam. Var gücümüzlə irəli! Bu imkan üçün təşəkkür edirəm, “Qarabağ”!

Xatırladaq ki, Portuqaliyanın “Şaveş” klubundan transfer olunmuş Juninyo Vieyra “Qarabağ”la 3 illik müqavilə bağlayıb. Ağdam təmsilçisinin bu transfer üçün portuqallara 500 min avro təzminat ödədiyi iddia olunur. Tam adı Olavio Vieyra dos Santos Junior olan futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Juninyo “Atletiko” (Paranaense) klubunun yetirməsidir. O, doğma klubunun əsas komandasında cəmi 6 oyun keçirib. Yarımmüdafiəçi 2020-ci ilə qədər müxtəlif klublarda icarədə olub. O, “Quaratingeta”, “Portimonense”, “Brazil de Pelotas”, “Novorizontino”, “Fiqeyrense”, “Vila Nova”, “Eştoril” kimi klublarda icarədə oynadıqdan sonra 2020-ci ilin oktyabr ayında “Şaveş”ə transfer olunub. Vinger bu komandada keçirdiyi 83 oyunda 12 qol və 2 assistlə yadda qalıb.