MLS-in rəhbəri Don Qarber argentinalı ulduz hücumçu Lionel Messinin “İnter Mayami”yə transferinin əhəmiyyətini qiymətləndirib.
Arena.az ESPN portalına istinadən, Qarberin bu barədə fikirlərini təqdim edir:
“Onun MLS-ə qoşulmaq qərarının əhəmiyyətinin qiymətləndirilməsi mümkünsüzdür. O, bizim liqada oynayır. Bu, indi futbol dünyasının ən böyük əhvalatlarından biridir və şübhəsiz ki, bu yayın ən böyük əhvalatlarından biridir. Dünyanın gözü indi MLS-dədir, çünki bu oyunu oynayan ən yaxşı idmançı buradadır və o, uğur qazanır”, deyə Qarber bildirib.
Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


