Futbol üzrə Uels yığmasının kapitanı Qaret Beyl özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu ABŞ-ın “Los Anceles” klubuna keçib.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Madrid “Real”ından azad agent kimi ayrılan təcrübəli futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Uelsli futbolçu transferi ilə bağlı klubun rəsmi saytına bunları söyləyib: “Bu transferə görə çox həyəcanlıyam. Bura mənim və ailəm üçün doğru yerdir. Karyeram baxımından da doğru zaman olduğunu düşünürəm. Komanda ilə məşqlərə başlamaq və “Los Anceles”də daha çox kubok qazanmaq üçün səbrsizlənirəm”.
Qaret Beyl 2013-cü ildən Madrid klubunda çıxış edirdi. O, “Real”la 3 dəfə İspaniya çempionatının, 1 dəfə İspaniya kubokunun və Super Kubokunun qalibi olub. Uels yığmasının kapitanı İspaniya klubu ilə 5 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun və 4 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb.
Təcrübəli futbolçu peşəkar karyerasına İngiltərənin “Sauthempton” klubunda başlayıb. O, 2007-ci ildə məhz bu klubdan “Tottenhem”ə transfer olunub. “Real”a London təmsilçisindən gələn Beyl, ötən mövsüm icarə əsasında yenidən İngiltərə klubuna qayıtmışdı. Uelsli yarımmüdafiəçi “Real”dakı 8 mövsüm ərzində bütövlükdə 258 matça çıxıb, 106 qol vurub. O, ölkəsinin yığma komandasında da 102 matçda 38 dəfə fərqlənib.
“Los Anceles” “Yuventus”la yollarını ayıran Corco Kyellinini də heyətinə qatıb. 37 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Kyellini 2005-ci ildən “Yuventus”un uğurları üçün çalışırdı. O, 17 il ərzində Turin klubunda 561 oyuna çıxıb. Təcrübəli müdafiəçi bu oyunlarda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya yığmasındakı karyerasını da bu yay bitirən futbolçu, milli komandada 117 oyunda 8 qol vurub. Kyellini karyerası ərzində “Livorno” və “Fiorentina”nın da uğurları üçün çalışıb.


