Qaret Sautqeyt İngiltərə millisindən getdi – Rəsmi

İngilis mütəxəssis Qaret Sautqeyt İngiltərə yığmasının sükanı arxasından ayrılmaq haqda qərarını rəsmən gerçəkləşdirib.

Arena.az bu barədə İngiltərə Futbol Assosiasiyasının (The FA) mətbuat xidmətinə istinadən məlumat verir:

“102 oyundan və demək olar ki, səkkiz il rəhbərlikdən sonra Qaret Sautqeyt çalışdırıcı vəzifəsini tərk etdiyini açıqladı”, – İngiltərə Futbol Assosiasiyasının “X” sosial şəbəkə hesabı üzərində paylaşdığı bəyanatda deyilir.

Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçib. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb. O, bu oyunlarda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:86 nisbətindədir.

Maraqlıdır ki, Sautqeyt yığma komandanın sükanı arxasına məşqçilikdə elə də böyük təcrübəsi olmadan gəlib. Buna qədər ingilis mütəxəssis “Midlsbro”nu və İngiltərənin gənclərdən ibarət U-20 və U-21 yığmalarını qısa müddət çalışdırıb.

Buna rəğmən, Sautqeyt İngiltərə yığmasını dirçəldərək, iddialı kollektivə çevirə bilib. Sautqeytin rəhbərliyi altına “üç şir” 2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin, Almaniyada keçirilmiş AÇ-2024-ün finalçısı olub. O, həmçinin DÇ-2022-də fəxri dördüncü yeri tutub.

Sautqeytin “üç şir”dən ayrılmaq qərarına isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının final oyununda İspaniya yığmasına 1:2 hesablı məğlubiyyətin böyük təsir göstərdiyi vurğulanır.

Qaret Sautqeyti İngiltərə milli komandasında əvəz etməyə bir çox namizədin adı hallanır. Bu posta əsas namizəd isə hazırda “Nyukasl”a rəhbərlik edən Eddi Hau hesab olunur.