Qaret Sautqeyt: “Mən qumarın böyük pərəstişkarı deyiləm”

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”i çalışdıracağına dair yayılmış xəbərləri cavablayıb.

Arena.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən qumarın böyük pərəstişkarı deyiləm. Bukmekerlər mərc edə bilərlər, amma mənimlə heç bir söhbət olmayıb. Mən yalnız bir məqama köklənmişəm: İngiltərə yığması ilə mümkün qədər uğurlu yarış keçirmək. Qalan hər şey mənim üçün əhəmiyyət kəsb etmir. Bu barədə danışmağa başlayıramsa, demək ki, mən artıq məşğul olduğum işdən yayınmışam. Düşünürəm ki, ölkə məndən diqqətimi İngiltərə yığmasına yönəltməyimi gözləyir və bu da haqlıdır”, deyə Sautqeyt vurğulayıb.

Vurğulayaq ki, İngiltərə yığmasının 2024-cü il Avropa çempionatının qrup mərhələsindəki rəqibləri Sloveniya, Danimarka və Serbiya milli komandaları olacaq.

Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından İngiltərə yığmasını çalışdırır. İngilis mütəxəssisin müqaviləsi bu ilin sonunda başa çatacaq. Məşqçinin İngiltərə yığmasının sükanı arxasında gələcək fəaliyyəti komandanın Almaniyada keçiriləcək Avropa çempionatındakı çıxışından asılı olacaq.

Sautqeyr İngiltərə yığma komandasını indiyə qədər 93 oyuna çıxarıb. Milli bu oyunlarda 59 qələbə qazanıb, 18 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.