İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt yığmadakı gələcəyi və komandanın liderindən olan Cud Bellingem haqda danışıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mənim gələcəyim? AÇ-2024 başlamazdan əvvəl bununla bağlı qərar verə bilmərəm. Mənim yeganə işim İngiltərə üçün yarışda qalib gəlməyə çalışmaqdır. Məncə, yayda nəyə qadir oacağımızı bilirəm, öz uğur meyarlarımın nə olacağını bilirəm. Bundan sonra mən başqa heç nə düşünmürəm”, deyə Sautqeyt bildirib.
İngilis mütəxəssis həmçinin əlavə edib:
“Düşünürəm ki, bütün milli komandaların məşqçilərinin yarısının Avropa çempionatından sonra gedəcəyi ehtimalı yüksəkdir. Bu, beynəlxalq futboldur. Bütün diqqətim bu turnirə yönəlib”.
Sautqeyt İngiltərə yığmasının liderlərindən biri olan, “Real”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingemin Avropa çempionatında İngiltərə yığması üçün rolu haqda da danışıb:
“Bellingem həmişə inkişaf etməyə can atıb və çoxlu qol vurmaq istəyir, amma o, həmişə belə bitirmə qabiliyyətinə malik olmayıb, amma indi bunu parlaq şəkildə edir. Sentyabr, oktyabr, noyabr aylarında onun haqqında danışdım, amma o, müstəsna dərəcədə yaxşı çıxış etməyə davam edir.
Bellingemin “Real”dakı oyun tərzi İngiltərə yığmasının oyunundan bir qədər fərqlidir. Amma o, meydanda bu qədər yaxşı olanda, ona göz yuma bilmərik. İstənilən rolda mütləq uğur qazanacaq. Demək olar ki, hər şeyə uyğunlaşa biləcəyini bilirik”, deyə ingilis mütəxəssis əminliklə bildirib.
Vurğulayaq ki, İngiltərə yığmasının 2024-cü il Avropa çempionatının qrup mərhələsindəki rəqibləri Sloveniya, Danimarka və Serbiya komandaları olacaq.
Qaret Sautqeyt 2016-cı ilin sentyabrından İngiltərə yığmasını çalışdırır. İngilis mütəxəssisin müqaviləsi bu ilin sonunda başa çatacaq. Məşqçinin İngiltərə yığmasının sükanı arxasında gələcək fəaliyyəti komandanın Almaniyada keçiriləcək Avropa çempionatındakı çıxışından asılı olacaq.


