Qaret Sautqeyt: “Nağıllara yox, xəyallara inanıram”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün İspaniya yığması ilə qarşıdakı final oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İspaniya yığmasının çox aydın oyun tərzi var. Onlar yüksək tezlikdə çox yaxşı təpki edən mütəşəkkil komandaya malikdirlər. Topla əla oynayırlar, ona görə də onlara qarşı mütəşəkkil olmaq gərəkdir. Amma biz də topa çox yaxşı nəzarət edirdik, xüsusən də son oyunlarda.

Penaltilər silsiləsinə hazırlıq? İnanıram ki, bu, həmişə təzyiq altında tətbiq edilən, amma məşq edilə və təkmilləşdirilə bilən bir bacarıqdır. Biz bu prosesi nəzarətə götürmək və bunun üçün məsuliyyət daşımaq istəyirdik. Son dörd penaltilər silsiləsinin üçündə qalib gəlmişik, bu isə böyük nailiyyətdir. Sabah (artıq bu gün – redaktorun qeydi) bizə gərək olarsa, hazır olmalıyıq.
Mən nağıllara inanmıram, amma xəyallara inanıram. Bizim böyük arzularımız olub, amma indi onları gerçəkləşdirməliyik. Keçdiyimiz yol, bu gec qollar, penaltilər – hər şey əbəs baş vermir. Bizə gərək olan oyunu göstərməliyik. İndi ən önəmlisi – finaldakı oyunumuzdur”, deyə Sautqeyt hər şeyin meydanda həll ediləcəyini vurğulayıb.

İngilis mütəxəssis İngiltərə yığmasının dünya futbol səhnəsindəki yeri haqda danışaraq, futbol ictimaiyyətinin gözündə sayılıb-seçilmək üçün AÇ-2024-ü qazanmağın vacibliyini vurğulayıb:

“Mən dünya və Avropa çempionatlarının finallarında azarkeş kimi iştirak etmişəm, onları böyük ekranlarda izləmişəm, amma mən bunların heç birində bizi xatırlamıram. Biz bunu dəyişməyə borclu idik. Əlbəttə, o vaxt gözləntilərimiz böyük idi, amma onlar göstərdiklərimizə uyğun gəlmirdilər. İndi böyük gözləntilər qalmaqdadır, amma biz sabit nəticələr nümayiş etdirməyə başlamışıq: son dörd əsas yarışın üçündə biz 1/4 finaldan uzağa irəliləmişik.

Nə olursa olsun, böyük oyunlarda qalib gəlmək üçün belə yarışların final mərhələsinə mütləq yüksəlməliyik. Biz çoxlu rekordlar qırmışıq, amma yaxşı bilirik ki, bütün futbol dünyasının bizə hörmət etməsi üçün bu kuboku qazanmalıyıq”, – BBC Sautqeytdən sitat gətirir.

“Baş verə biləcəklərdən qorxmuram”

Qaret Sautqeyt finalda mümkün uğursuzluqdan qorxmadığını ifadə edib, həyatda futboldan da vacib məqamların olduğunu vurğulayıb:

“O çətin axşamlar (müvafiq olaraq oyunçu və məşqçi kimi – AÇ-1996-nın yarımfinalı və AÇ-2020-nin finalında məğlubiyyətlər – redaktorun qeydi) mənə futbolda hər şeyin çox tez dəyişə biləcəyini öyrətdi. Qalib gəlmək və məğlub olmaq arasındakı fərq çox kiçikdir. Bu, mənim həyata baxışımı genişləndirdi, çünki həyatda futboldan daha vacib məqamlar var.

Baş verə biləcəklərdən qorxmuram, çünki artıq hər şeydən keçmişəm. Mən istəyirəm ki, oyunçular bu qorxusuzluğu hiss etsinlər. İstəyirik ki, onlar özlərinin ən yaxşı seçimləri olsunlar. Əgər itirməkdən qorxmuruqsa, bu, bizim qalib gəlmək imkanımızı artırır”, – UEFA-nın mətbuat xidməti Sautqeytdən sitat gətirir.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: