İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandanın düşərgəsindəki zədəli futbolçularla bağlı vəziyyətdən danışıb.
Arena.az xatırladır ki, bundan əvvəl müdafiəçilər Harri Maquayr və kapitan Kayl Uoker, hücumçu Harri Keyn, eləcə də qapıçı Sem Constonun zədələnərək, yığma komandanın düşərgəsini tərk ediblər.
Sautqeyt zədəli futbolçuların yerinə “Mançester Siti”nin müdafiəçisi Riko Lyuisi və “Börnli”nin qapıçısı Ceyms Traffordu İngiltərə yığmasının heyətinə cəlb edib.
“Nə qədər insana əlimizin çatmaması sadəcə inanılmazdır. Mən əvvəllər bununla qarşılaşmamışam. Amma bu, o deməkdir ki, başqa oyunçular üçün imkanlar var. Braziliya ilə qarşılaşmada futbolçuların meydana çıxdığını və bu fürsətlərdən yararlandığını gördük, bu da bizim üçün əladır. Bütün bu oyunçuların yüksək səviyyəli rəqiblərə qarşı oynadığını gördükdən sonra biz gələcəkdə daha yaxşı qərarlar verə biləcəyik”, Qaret Sautqeyt bildirib.
Xatırladaq ki, İngiltərə yığması “Uembli”də 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda Braziliya millisi “üç şir” üzərində 1:0 hesablı qələbə qazanıb. İkinci oyunda isə ingilislər Belçika yığması ilə oyunda oyunun təzminat dəqiqələrində Cud Bellingemin vurduğu qolla rüsvayçılıqdan qurtulublar – 2:2.