Qaşım Maqomedov “Böyük Dəbilqə”nin qalibi oldu, ilkə imza atdı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin təsnifat mərhələsinin qalibi olub.

Arena.az xəbər verir ki, Usi şəhərində təşkil olunmuş yarışda 58 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü finalda koreyalı Yanq Huiçanı 2:1 hesabı ilə məğlub edib.

Bununla da o, “Böyük Dəbilqə”nin qızıl medalını qazanan ilk Azərbaycan taekvondoçusu olub.

Maqomedov həlledici döyüşə qədər isə Lei Liu, Yunsonq Yu (hər ikisi Çin) və Abulfez Zandi (İran) üzərində qələbə qazanıb. Təsnifat mərhələsini qızıl medalla başa vuran Maqomedov “Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib.

Taekvondoçumuz bu yarışda da qalib olacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medala yiyələnməklə aktivinə 120 lisenziya xalı yazdırıb.