Qaşım Maqomedov Olimpiya Oyunlarında “gümüş”lə kifayətləndi

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisi idi.

Olimpiadalarda debütünü gerçəkləşdirən Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.

Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, bu rəqibini də 2:0 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Qaşım ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

Qaşımın yarımfinaldakı rəqibi isə italiyalı Vito Dellakvila olub. Yenə hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb – 2:0 (9:4, 11:1).

Taekvondoçumuz finalda Cənubi Koreya təmsilçisi Park Tae Junla üz-üzə gəlib. Həlledici görüşün startından az sonra zədələnən Qaşım ağrılar içində döyüşdüyü ilk hissədə 0:9 hesabıyla uduzub. İkinci hissədə isə o, ümumiyyətlə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla bitirmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Olimpiadalar tarixində ikinci dəfə Azərbaycan idmançısı bu idman növündə finala vəsiqə qazanmışdı. Buna nail olan ilk idmançımız isə Radik İsayev olub. O, Rio-2016-da +80 kq çəkidə qızıl medal qazanıb.

Qaşım taekvondo yığmamızın 4-cü medalını hesabına yazıb. Radikin qızılından başqa idmançılarımız iki bürünc də əldə ediblər. Milad Beiqi Harçeqani 80 kq, Patimat Abakarova 49 kq çəkidə fərqləniblər. Qaşıma qədər bütün medallar Rio-2016-da əldə olunub.

Onu da xatırladaq ki, Qaşım Maqomedov Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Qaşımdan öncə iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olmuşdu. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.