Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisidir.
Qaşım həm də Olimpiadalarda debütünü gerçəkləşdirib. Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub. Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qaşım Maqomedov Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.