Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə sayca 26-cı dünya çempionatında ikinci yarış gününə start verilib.
Arena.az xəbər verir ki, mundialın ikinci günündə 3 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Bu gün kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da
medallar uğrunda mübarizə aparırlar.
Azərbaycan taekvondoçularından da ikisi bu gün mübarizəyə qoşulub.
58 kq çəkidə dayan üzərinə çıxan Qaşım Maqomedov ilk cəhdindəcə – 1/32 finalda Kay Çenqə (Çin) uduzub.
Komandamızın lideri Fəridə Əzizova (67 kq) isə mübarizəyə 1/16 finaldan başlayıb. Amma o da ilk qarşılaşmasında Kristina Teaçota (ABŞ) uduzub. Nəticədə hər iki idmançımız DÇ-də mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, mundialın ilk günündə mübarizəyə qoşulan ilk təmsilçimiz – Cavad Ağayev (68 kq) də 1/16 finalda mübarizəni dayandırmışdı.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edir.
Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarət heyətlə qatılıb.