Qasperini “Napoli”yə mümkün təyinatı haqda danışdı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Napoli”nin onunla maraqlanması ilə bağlı yayılan məlumata münasibətini bildirib.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Aurelio De Laurentis (“Napoli”nin prezidenti) 2011-ci ildə mənə müraciət etmişdi, amma onda mən “İnter”ə rəhbərlik etdim. Buna rəğmən, gələcəkdə o, mənə həmişə böyük hörmətlə yanaşırdı. Amma indi bütün diqqətimi cari mövsümün A Seriyasında, İtaliya Kubokunda və Avropa Liqasında yekun oyunlarına yönəltmişəm. Bütün oyunlarda qalib gəlmək istəyirik”, deyə Qasperini bildirib.

Xatırladaq ki, Qasperininin ötən ilin yayında da “Napoli”nin sükanı arxasına keçəcəyi barədə müxtəlif şayiələr dolaşırdı.

Can Pyero Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun bu klubla müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda bitəcək. Bu üzdən Neapol klubu onu sükanı arxasında görmək istəsə, “Atalanta”ya təzminat ödəməlidir.

Qasperini indiki komandasını bütövlükdə 382 oyuna çıxarıb. “Atalanta” bu matçlarda 198 qələbə qazanıb, 90 heç-heçə edib və 94 məğlubiyyətə üzülüb.

66 yaşlı italiyalı mütəxəssis daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”yə də rəhbərlik edib.