Qasperini “Napoli”yə təyinatı haqda şayiələri cavabladı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Napoli”də Luçano Spallettini əvəzləyəcəyi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

Arena.az “Football Italia”ya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis bunları deyib:

“Xoşbəxtlikdən, mənim internetdə xəbərlər oxumağa vaxtım yoxdur. Ətrafda çox şeylər baş verir, hər şeyi birdən izləmək də çətindir.

Ən düzgün qərar “Atalanta”nın avrokuboklarda mütləq iştirakına köklənməkdir”.

Xatırladaq ki, bir müddət əvvəl Spallettinin klub prezidenti Aurelio De Laurentiislə münasibətlərində soyuqluq yaranması səbəbilə mövsümün sonunda “Napoli”dən ayrılacağı məlum olmuşdu. Spallettinin rəhbərliyi altında “Napoli” son 33 il ərzində ilk dəfə titul qazanıb, Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.

Hazırda “Napoli” rəhbərliyinin Spallettini əvəzləmək üçün işsiz olan Antonio Konte və Luis Enrike ilə də maraqlandığı bildirilir. Spallettinin isə növbəti mövsümdə bir növ yaradıcılq məzuniyyəti götürəcəyi iddia edilir.

Can Pyero isə 2016-cı ildən “Atalanta”nı çalışdırır. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitəcək. Bu üzdən Neapol klubu onu sükanı arxasında görmək istəsə, “Atalanta”ya təzminat ödəməlidir.

Qasperini indiki komandasını bütövlükdə 168 oyuna çıxarıb. “Atalanta” bu matçlarda 168 qələbə qazanıb, 80 heç-heçə edib və 81 məğlubiyyətə üzülüb. İtaliyalı mütəxəssis daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”yə də rəhbərlik edib.