Qasperini: “Real”la oyun “Atalanta” tarixinin zirvəsidir”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Real”la UEFA Super Kubokunun qarşıdakı final oyunu haqda söhbət açıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, “Atalanta”, Berqamo, bu yerin tarixi üçün qeyri-adi bir hadisə olacaq. Dünyanın ən adlı-sanlı, zəngin klubuna qarşı, dünyada ən çox qalib gəlmiş komandaya qarşı oynayırıq. Hələ bu yaxınlarda belə mühüm klubla bu kubok uğrunda müvafiq finalda oynamaq ağlasığmaz olardı. Bu, böyük qürur duyğusudur. Həm də orada olmaq istəyi, meydana çıxmaq, əla çıxış nümayiş etdirmək və tarixən daha güclü komandası olan kluba qarşı duruş gətirmək istəyi. Bu, bütün Berqamo, komandanın bütün pərəstişkarları üçün həqiqətən ruhlandırıcı məqamdır. Şübhəsiz ki, bu, “Atalanta” tarixinin zirvə nöqtəsi, bəlkə də ən zirvəsidir”, deyə Qasperini bildirib.

Xatırladaq ki, “Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.

2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.

Xatırladaq ki, 1973-cü ildə təsis edilmiş UEFA Super Kubokunun ilk qalibi Niderland nəhəngi Amsterdam “Ayaks”ı olub. Kubokun cari sahibi isə “Mançester Siti”dir.

Vurğulayaq ki, “Barselona”, “Real” və “Milan” hər biri 5 dəfə qalibi olmaqla, UEFA Super Kubokunu ən çox qazanmış klublardır. Göründüyü kimi, “kral klubu” qalib olacağı halda mütləq rekord müəyyənləşdirəcək.