İspaniya La Liqasının “Sevilya” ilə 10-cu tur oyunu (5:1) “Barselona”nın mərkəz yarımmüdafiəçisi Qavi üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, ispan futbolçu 11 ay əvvəl aldığı ağır zədədən sonra ilk dəfə yaşıl meydana qayıdıb.
Yarımmüdafiəçi oyunun 83-cü dəqiqəsində əvəzetmədən oyuna daxil olaraq, kapitan sarğısını alıb və sona qədər oynayıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Oyundan sonra ispan futbolçu qayıdışı ilə bağlı təəssüratını paylaşıb:
“Yenidən meydana qayıtdığım üçün çox şadam. Bu, xoşbəxt bir gündür. Aylardır bu məqamı xəyal edirdim. Pedrinin mənə kapitan sarğısını verəcəyini isə gözləmirdim.
Hər andan həzz almaq və hər şeyi qiymətləndirmək gərəkdir. Hər kəsə çox minnətdaram, bu aylarda həmişə mənə dəstək olublar. Futbol mənim həyatımdır və ən çox darıxdığım məqam da budur”, – “Barça Universal” dərgisi Qavinin duyğusal sözlərini sitat gətirir.
“Qavinin qayıdışından çox məmnunuq”
“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik də Qavinin qayıdışı ilə bağlı fikrini paylaşıb:
“Nəticədən və Qavinin qayıdışından çox məmnunuq. O, yaxşı oynadı. Ab-hava da çox yaxşı idi. Tüklərim biz-biz olmuşdu. Ehtiyat oyunçular skamyasına düşəmək və oynamaq Qavinin məqsədi idi. Bu, onun arzusu idi və o, bunu həyata keçirə bildi. Bu gün hamı xoşbəxt idi. Qavi fəal oynadı və bu, adi haldır. Bunun nəyə bənzədiyini isə artıq bilirik”, – AS dərgisi “Hansi” Flikin bir rahatlıqla ifadə etdiyi fikri sitat gətirir.
Xatırladaq ki, Qavi 2023-cü ilin noyabr ayının 19-da 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə oyunda (3:1) zədələnmişdi. İspan futbolçunun dizinin çarpaz bağı yırtılmış, nəticədə Qavi cərrahi əməliyyat edilərək, 11 ay futbolsuz qalmışdı. Bu ağır zədə Qavini İspaniya yığmasının qalibi olduğu AÇ-2024-dən də kənarda qoymuşdu.
Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.
Məlum olduğu kimi, cari mövsümdə Qavi “Barselona”nın heyətində 1 oyun keçirib, 7 dəqiqə oynayıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Qavinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 112 oyun, 7 qol və 14 məhsuldar ötürmədən ibarətdir.
Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Gənc futbolçunun Kataloniya təmsilçisinin heyətində ümumi statistikası belədir: 112 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
Həmçinin Qavinin qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qaznadığı İspaniya La Liqası çempionluğu və İspaniya Super Kuboku var.
“Transfermarkt” internet-portalı 20 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Qavinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.