“Barselona”nın mərkəz yarımmüdafiəçisi Qavi 11 aylıq zədə müddətində hansı həyat dərsləri aldığı haqda söhbət açıb.
Arena.az xatırladır ki, ispan futbolçu 2023-cü ilin noyabr ayının 19-da 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə oyunda (3:1) zədələnmişdi.
İspan futbolçunun dizinin çarpaz bağı yırtılmış, nəticədə o, cərrahi əməliyyat edilərək, 11 ay futbolsuz qalmışdı. Bu ağır zədə Qavini İspaniya yığmasının qalibi olduğu AÇ-2024-dən də kənarda qoymuşdu.
“Mən çox şey öyrəndim və fərqli xüsusları daha çox qiymətləndirməyə başladım. Bu, ömrümün sonuna qədər xatırlayacağım bir ibrət dərsidir. Bu zədə ən ağırlardan biri idi. Ondan sonra mən daha yaxşı insan və komanda yoldaşı oldum”, – DAZN şəbəkəsi Qavidən sitat gətirir.
Xatırladaq ki, oktyabrda, İspaniya La Liqasının “Sevilya” ilə 10-cu tur oyununda (5:1) 11 aylıq fasilədən sonra yaşıl meydana qayıdıb.
Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.
Cari mövsümdə Qavi “Barselona”nın heyətində 2 oyun keçirib, 12 dəqiqə oynayıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Qavinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 113 oyun, 7 qol və 14 məhsuldar ötürmədən ibarətdir.
Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Gənc futbolçunun Kataloniya təmsilçisinin heyətində ümumi statistikası belədir: 112 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
Həmçinin Qavinin qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qaznadığı İspaniya La Liqası çempionluğu və İspaniya Super Kuboku var.
“Transfermarkt” internet-portalı 20 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Qavinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


