Qayus Makuta və Serdar Dursun “Alanyaspor”da

Türkiyənin “Alanyaspor” klubu heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Qayus Makuta və hücumçu Serdar Dursunla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Alanya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqaliyanın “Boavişta” klubundan azad agent kimi gəlmiş Makuta, Super Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Sonuncu klubu “Fatih Karagümrük” olan Serdar da yeni klubu ilə 2 illik anlaşıb.

Qayus Makuta futbola Fransanın “Havr” klubunda başlayıb. O, karyerası ərzində “Lonqford Taun”, “Aris”, “Spportinq” (Kovilya), “Baraqa”, “Beroe” kimi klublarda da forma geyinib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi 2021-ci ildən sıralarında olduğu “Boavişta”nın heyətində 105 oyuna 6 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. O, 2019-cu ilin oktyabrında debüt etdiyi Konqo yığmasında 19 oyuna 2 qol vurub, 1 assistlə yadda qalıb.

Almaniyada dünyaya göz açmış Serdar Dursun isə peşəkar karyerasına “Hannover”də başlayıb. Almaniyada “Qroyter”, “Darmştadt” kimi klublarda da oynamış futbolçu 2011-ci ildə Türkiyəyə üz tutub. O, “Əskişəhərspor”, “Şanlıurfaspor”, “Dənizlispor”, “Fatih Karagümrük”, “Fənərbaxça” kimi klubların formasını geyinib. Türkiyə millisində də 10 iyun keçirmiş 32 yaşlı hücumçu, 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Alanyaspor”da bir neçə ayrılıq da qeydə alınıb. 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi Joao Novais azad agent kimi sabiq klubu “Rio Ave”yə keçib. O, “Alanyaspor”da 69 oyun keçirib, 8 qol və 10 assistlə yadda qalıb.

Braziliyalı vinger Karlos Eduardo isə “Alanyaspor”u Braziliyanın “Vitoriya” klubuna dəyişib. 27 yaşlı futbolçu Türkiyə klubunun heyətində 31 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Əslən Sudandan olan danimarkalı vinger Pione Sisto Yunanıstanın “Aris” klubuna keçib. 29 yaşlı futbolçunun transfer detalları açıqlanmır. O, Alanya klubunun heyətində 23 oyuna 2 qolla yadda qalıb.

Braziliyalı hücumçu Anderson Silva da “Pafos”a icarəyə verilib. 26 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi Kipr klubunda icarədə olacaq. O, “Alanyaspor”da keçirdiyi 13 oyunda cəmi 2 qol vura bilib.