Türkiyənin “Qaziantep” klubu heyətini 5 yeni futbolçu – Enrik Saborit, Stefen Bitok, Kenan Kodro, Bruno Viana və Emre Taşdemirlə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniyadan olan Enrik Saborit İsrailin “Makkabi” (Təl-Əviv) klubundan gəlib. 32 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu “Atletik” və “Malyorka”da da forma geyinib.

Stefen Bitok Macarıstanın “Diosqyor” klubundan transfer olunub. Azad agent statusuna malik 23 yaşlı sol cinah müdafəçisi ilə 2 illik müqavilə imzalanıb. O, karyerası ərzində “İsloç”, “Dinamo” (Tiflis), “Volqa” (Ulyanovsk) və “Yagelloniya” kimi klublarda da oynayıb.

Mərkəz hücumçusu olan Kenan Kodro Macarıstanın “Ferentsvaroş” klubundan icarəyə götürülüb. 30 yaşlı bosniyalı futbolçu bu mövsümün sonuna kimi Super Liqa klubunda çıxış edəcək. Bosniya və Herseqovina millisinin üzvü karyerası ərzində “Fehervar”, “Osasuna”, “Real Sosyedad”, “Atletik”, “Kopenhagen”, “Qrasshopper”, “Valyadolid”, “Maynts” kimi klublarda da forma geyinib.

Mərkəz müdafiəçisi Bruno Viana da Braziliyanın “Koritiba” klubundan icarəyə götürülüb. 29 yaşlı braziliyalı mövsümün sonuna kimi Qaziantepin eyniadlı təmsilçisində çıxış edəcək. O, karyerası ərzində “Braqa”, “Flamenqo”, “Əl-Hazem”, “Olimpiakos”, “Yanqtze”, “Kruzeyro” və “Ximki” kimi klublarda da forma geyinib.

Emre Taşdemir “Pendikspor”dan azad agent kimi “Qaziantep”ə keçib. 29 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Türkiyə millisində 5 oyun keçirmiş futbolçu karyerası ərzində “Bursaspor”, “Qalatasaray”, “Ankaragücü”, “Girəsunspor”, “Kayserispor” kimi klublarda da oynayıb.

Soresku ilə Özçiçek də “Qaziantep”ə qayıtdı
“Qaziantep” iki futbolçusunu da geri qaytarıb. Bunlardan biri rumıniyalı sağ vinger Deyan Soreskudur. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Soresku vaxtilə Türkiyə klubunun heyətində 17 oyuna çxıb, 4 qol və 2 assistlə yadda qalıb. O, “Dinamo” (Buxarest), “Rakuv”, “Poli”, “Styaua” kimi klublarda da forma geyinib.

Türkiyəli dayaq yarımmüdafiəçisi Ogün Özçiçek də keçmiş klubuna qayıdıb. Qazianteplilər onun transferi üçün “Yeni Malatyaspor”a 300 min avro ödəyiblər. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Ogün Özçiçek vaxtilə “Qaziantep”də 31 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, “Yomra Spor”, “Yeni Malatyaspor”, “Adıyaman”, “Rizəspor” kimi klubların da formasını geyinib.