Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, “Kəpəz”in mərkəz müdafiəçisi İlkin Qırtımov hazırkı durumundan danışıb.
Arena.az xəbər verir ki, təcrübəli Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlamasına zədədən sonrakı bərpa prosesi barədə məlumat verib:
“Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır”.
Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib:
“Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər”.
Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: “Ürəyi “Kəpəz”lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum və “Kəpəz”ə təcrübəmlə kömək edim”.
Xatırladaq ki, İlkin Qırtımov bu ilin yayından “Kəpəz”də çıxış edir. 34 yaşlı müdafiəçi Gəncə klubunun heyətində 10 oyuna çıxıb. Təcrübəli futbolçu daha öncə “Keşlə”, “Simurq”, “Qəbələ”, “Zirə” və “Neftçi”də də forma geyinib.