Avropa futbolunda 2021/22 mövsümü üçün “Qızıl buts” mükafatının sahibi müəyyənləşib. Arena.az xəbər verir ki, Almaniyanın “Bayern” klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə bu mükafata sahib çıxıb.
34 yaşlı futbolçu Almaniya Bundesliqasının 2021/22 mövsümündə meydana çıxdığı 34 oyunda 35 qola imza atıb. Nəticədə 70 xala malik Levandovski rəqiblərini böyük fərqlə üstələyib.
PSJ-nin hücumçusu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 qolla 54 xal yığaraq, 3-4-cü yerləri bölüşdürüblər. “Monako”nun hücumçusu Vissam Ben Yedder isə 25 qolla 50 xal toplayıb və ilk beşliyi qapayıb.
Xatırladaq ki, Robert Levandovski ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.
Bu mükafatı ən çox qazanan futbolçu hazırda PSJ-nin şərəfini qoruyan argentinalı hücumçu Lionel Messidir. 6 dəfə bu mükafata sahib çıxan “Barselona”nın sabiq üzvünü hazırda “Mançester Yunayted”in formasını geyinən Kristiano Ronaldo izləyir. Portuqaliyalı futbolçu 4 dəfə bu mükafatı qazanıb.
Levandovski kimi 2 dəfə oxşar uğura imza atan futbolçuların sayı isə çoxdur. Bu siyahıda Eysebio, Gerd Müller, Dudu Georgesku, Fernando Qomes, Alli Makkoist, Mario Jardel, Tyerri Anri, Dieqo Forlan və Luis Suares də var.
Sonda onu da qeyd edək ki, Robert Levandovskinin bu yay “Bayern”dən ayrılması gözlənilir. Polşalı forvardın Münhen klubu ilə müqaviləsinin müddəti bitməsə də, onun artıq Almaniyada qalmaq istəmədiyi iddia olunur. Təcrübəli futbolçunun karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirəcəyi bildirilir. Hazırda bu iki klub arasında danışıqlar davam edir.


