Qodsvey Donyo da “Neftçi”dən ayrıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” klubu hücumçusu Qodsvey Donyo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı forvardı Kiprin “Apollon” klubuna satıb.

Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Neftçi” PFK-nın “Apollon” klubu ilə futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar rəsmi danışıqları uğurla yekunlaşıb. “Ağ-qaralar” göstərdiyi xidmətlərə görə qanalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Qodsvey Donyo 2022-ci ilin iyul ayında azad agent kimi “Neftçi”yə keçmişdi. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu. Hücumçu paytaxt təmsilçisində bütövlükdə 21 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Donyo 15 çempionat (5 qol), 2 kubok və 4 avrokubok (1 qol) matçında forma geyinib.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib. Ardından Danimarka “Nordsyelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Super Kubokunun (2021) qalibi olub.