Bu mövsümün əvvəlində icarə əsasında “Kremoneze”yə keçən argentinalı yarımmüdafiəçi Qonsalo Eskalante yenidən “Latsio”ya qayıdıb. Arena.az xəbər verir ki, “Kremoneze” ilə 29 yaşlı futbolçu arasındakı icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Latsio” futbolçusuna dərhal başqa komanda tapıb. Belə ki, yarımmüdafiəçi İspaniyanın “Kadis” klubuna icarəyə verilib. La Liqa təmsilçisi Eskalanteni bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə cəlb edib.
Qonsalo Eskalante 2020-ci ildən “Latsio”da çıxış edir. Dayaq yarımmüdafiəçisi bu komandada 31 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin əvvəlində “Alaves”də də icarəyə oynamışdı. Argentinalı oyunçu daha öncə “Boka Xuniors”, “Kataniya” və “Eybar”da da forma geyinib.
“Kadis” öz yarımmüdafiəçisi Aver Mabili də Çexiyanın “Sparta” (Praqa) klubuna icarəyə verib. Avstraliyadan olan 27 yaşlı vingerin bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə verildiyi diqqətə çatdırılıb.
Aver Mabil 2022-ci ilin iyul ayında “Kadis”ə transfer olunsa da, La Liqa təmsilçisində cəmi 6 oyunda iştirak edib. Həmin vaxt azad agent kimi heyətə cəlb olunmuş 26 yaşlı vingerlə 4 illik müqavilə imzalanmışdı. Mabil Keniyada dünyaya göz açsa da, Avstraliya yığmasında çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 31 oyunda 7 qola imza atıb. Karyerasının ilk illərində “Kempbeltaun Siti” və “Adelayde Yunayted”də də oynamış futbolçu, daha çox Danimarkanın “Midtyulland” komandasındakı çıxışı ilə tanınıb. O, bu klubda olarkən icarə əsasında “Esbyerq”, “Pasuş de Ferreyra” və “Kasımpaşa”da da oynayıb.