Qorka Larruçea “Səbail”də – Rəsmi

Bolqarıstanın “Etar” klubunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Qorka Larruçea bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” PFK daha bir futbolçunu heyətinə qatıb. “Dənizçilər” son olaraq, Bolqarıstan klubu “Etır”da çıxış etmiş Qorka Larruçea ilə 1 illik müqavilə imzalayıb. 31 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi yeni komandasında 8 nömrəli formada çıxış edəcək.

Larruçea bu ilin fevral ayından formasını geyindiyi “Etar”da cəmi 12 oyuna çıxıb. O, daha öncə “Gernika”, “Amorebieta”, “Dinamo” (Buxarest), “Real Union” kimi klubların da formasını geyinib.

“Səbail” Larruçeadan öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya) və Dmitri Litvini (“Lusitaniya”, Portuqaliya) də heyətinə qatmışdı.

Paytaxt klubu Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə bağlayıb.

Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə “dənizçilər”lə yollarını ayırıb.