“Qranada” Fetu Mauassanı “Brügge”dən icarəyə götürdü

“Qranada” fransalı sol cinah müdafiəçisi Fetu Mauassanı “Brügge”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

La Liqa təmsilçisi Mauassanı xidmətindən cari mövsümün – iyun ayının sonuna qədər istifadə edəcək.

Xatırladaq ki, Mauassa cari mövsümün ilk yarısını “Lans”da icarədə keçirib və qayıdışından sonra “Qranada”ya icarəyə verilib.

Fetu Mauassa futbola “Val d’Arjentöy” klubunda qədəm qoyub. Ardınca “Arjentöy” və “Nansi”də çıxış edib. Böyük futbola isə elə, “Nansi” ilə gəlib. Mauassa “Renn”, “Nim”, “Brügge”, “Monpelye” və “Lans”da çıxış edib.

Mauassa cari mövsümün ilk yarısında “Lans”ın heyətində 4 oyuna 1 qolla fərqlənib.

Fetu Mauassanın qənimətlər muzeyində “Brügge” ilə qazandığı 2021/2022 mövsümü Belçika çempionluğu var.

Fetu Mauassa Fransanın U-17, U-18, U-19, U-20, U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ dəvət almayıb. Maussa “xoruzlar”ın U-17 və U-19 yığmaları ilə müvafiq olaraq 2015-ci və 2016-cı illərdə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Fetu Mauassanı yola salmış “Lans” qapıçısı Vilker Farineslə də vidalaşıb. Veneseueladan olan 25 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hazırda o, azad agent kimi özünə yeni klub axtarır.

Vilker Farines 2021-ci ilin yayından “Lans”da çıxış edirdi. O, bu komandada cəmi 20 oyuna çıxıb, 25 qol buraxıb və 5 “quru” matç keçirib. Farines “Millonarios” və “Karakas”da da oynayıb. O, Venesuela milli komandasında da 40 oyun keçirib.