Qranit Caka “Arsenal”ı bu kluba dəyişdi – 25 milyonluq transfer

Futbol üzrə İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka London təmsilçisindən ayrılaraq Almaniyanın “Bayer” komandasına keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Almaniya klubu bu transferə görə “topçular”a 25 milyon avro ödəyib. 30 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. İddiaya görə, təcrübəli oyunçunun yeni komandasında illik məvacibi 2,2 milyon avro olacaq.

Xatırladaq ki, Qranit Caka “Arsenal”a 2016-cı ilin iyulunda Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubundan 45 milyon avro qarşılığında keçmişdi. O, London təmsilçisində 297 oyun keçirib, 23 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Caka daha əvvəl ölkəsinin “Bazel” komandasının da formasını geyinib. Təcrübəli futbolçu kapitanı olduğu İsveçrə yığmasında da 115 oyun keçirib, 13 qol vurub.

“Bayer” Mönhenqladbah “Borussiya”sının yarımmüdafiəçisi Yonas Hofmannı da transfer edib. Leverkuzen təmsilçisi 30 yaşlı alman futbolçunun keçidi üçün də 10 milyon avronu gözdən çıxarıb. Futbolçunun özü ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Yonas Hofmann “Borussiya”a 2016-cı ilin yanvarında Dortmundun eyniadlı klubundan 8 milyon avro qarşılığında keçmişdi. O, Mönhenlqadbah təmsilçisində 214 oyuna çıxıb, 48 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb. Yonas daha öncə “Hoffenhaym” və “Maynts”da da çıxış edib. O, Almaniya millisində də 21 matça çıxıb, 4 qola imza atıb.

Qeyd edək ki, Caka yeni komandasında 34, Hofmann isə 7 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən, Cakanı “Bayer”ə satan “Arsenal” digər yarımmüdafiəçisi Ris Nelsonla da yeni müqavilə imzalandığını açıqlayıb. 23 yaşlı sağ cinah vingeri ilə yeni müqavilə 2027-ci ilin 30 iyununa qədərdir.

Ris Nelson “Arsenal”ın öz yetirməsidir. O, daha öncə “Hoffenhaym” və “Feyenoord”da icarədə də oynayıb. Yarımmüdafiəçi London klubunun əsas komandasında 66 oyuna çıxıb, 7 qol və 7 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: