Qravina İtaliya millisinin gələcək planlarını açıqladı

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina “skuadra adzurra”nın gələcək planları haqda söhbət açıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, Qravina İtaliya yığmasının AÇ-2024-dəki uğursuzluğunu şərh edib və həmçinin komandanın baş məşqçisi, italyan mütəxəssis Luçano Spallettiyə tam dəstəyini nümayiş etdirib:

“Biz vacib yarışa başlayırıq. Biz başa düşməliyik ki, İtaliya yığması Dünya Kubokunun əsas komandalarından biri olmalıdır, Millətlər Liqası isə iki illik səyahətin ilk mərhələsidir.
Məşqçinin işinin keyfiyyətini qısamüddətli nəticələrə əsasən qiymətləndirmək strateji səhvdir. Spallettini seçdiyimiz zaman o, bazarda ən yaxşı məşqçi idi. İş tərzini nəzərə alaraq, mən ona tam güvənc verərdim. Nəticə əldə etmək üçün ona lazımi vaxt verilməlidir.

Səhvlərimizi etiraf etmişik və təhlil aparmışıq. Hamımız birlikdə tərəqqi etməliyik, həqiqətən bir komanda olmalı, kollektiv daxilində və azarkeşlərdə isə inamı bərpa etməliyik”, deyə Qravina vurğulayıb.

Xatırladaq ki, Luçano Spalletti 2023-cü ilin avqustunda çətin vəziyyətdə olan İtaliya yığmasına rəhbərliyi qətiyyət və məsuliyyətlə öz üzərinə götürüb. İtalyan mütəxəssisin rəhbərliyi altında “skuadra adzurra” Almaniyada keçirilmiş AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

Yarışın final mərhələsində İtaliya yığması Albaniya (2:1), İspniya (0:1) və Xorvatiya (1:1) yığmaları ilə “B” qrupunda mübarizə aparıb. İtalyanlar bu mübarizəni 4 xalla qrupda 2-ci olaraq başa vurublar və ələmə mərhələsinə yüksəliblər. 1/8 finalda İtaliya yığması İsveçrə yığmasına 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionu adını təslim edib və evə əliboş geri dönüb.