Qrem Potter məşqçilik fəaliyyətinə qayıtmaq niyyətindədir

“Brayton” və “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter yenidən məşqçilik fəaliyyətinə qayıtmaq arzusunda olduğunu bildirib.

Arena.az “The Telegraph” nəşrinə istindən, ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən artıq uzun müddət əvvəl hiss etmişəm ki, qayıtmağa hazıram. Hələ yaxşı təklif də olmalıdır, amma mən bunu səbirsizliklə gözləyirəm. Mən hansı imkanların yarandığını görmək intizarındayam və təkliflərin hər birini mahiyyəti üzrə nəzərdən keçirəcəyəm.

Eddi Hau bu yaxınlarda aşağı liqaya düşdükdən sonra “Bornmut”u tərk etdi. O, 18 ay istirahət etdi və indi “Nyukasl”da parlaq işlər görür. Unai Emeriyə baxsanız, “Arsenal”dan ayrıldıqdan sonra onu necə qarşıladılar, indi isə nə etdiyinə baxın. Bu, bir işdir, futbolun çağırışıdır”, deyə Potter həvəslə bildirib.

Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. Potter “zadəganlar”ın sükanı arxasında 2023-cü ilin aprelinə qədər çalışıb. “Çelsi” Potterin rəhbərliyi altında 31 oyuna 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət yaşayıb, vurduğu 33 qol müqabilində 31 qol “yeyib”.

Qrem Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.