Qrizmann ailəsinin 8 aprel “het-trik”i – FOTOLAR

Futbol üzrə Fransa yığma komandasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann üçüncü dəfə ata olub.

Arena.az xəbər verir ki, onun 2017-ci ildə ailə qurduğu Erika Koperena üçüncü qız övladını dünyaya gətirib.

Cütlüyün 2016-cı ildə anadan olan ilk övladına Mia adı verilmişdi. 2019-cu ildə dünyaya göz açan ikinci uşağa Amaro adını verən Qrizmann ailəsi, üçüncü qızı da Alba adlandırıb.

Albanın dünyaya göz açması ilə maraqlı bir təsadüf üzə çıxıb. Belə ki, Qrizmannın övladlarının hər üçü 8 apreldə doğulub. Əvvəlki iki uşaqda bu, o qədər diqqət çəkməmişdisə, üçüncü uşağın da eyni tarixdə dünyaya gəlməsi dünya mətbuatında da xüsusi vurğulanmaqdadır.

Qeyd edək ki, 2019-cu ilin yayından “Barselona”nın uğurları üçün çalışır. O, daha öncə yetirməsi olduğu “Real Sosyedad”da (2009-2014), həmçinin Madrid “Atletiko”sunda (2014-2019) çıxış edib. Fransanın U-19, U-20 və U-21 yığmalarında da oynamış 30 yaşlı futbolçu, 2014-cü ildən ölkəsinin əsas milli komandasının uğurları üçün çalışır.