“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasında Marsel “Olimpik”i ilə cavab pley-off oyununu şərh edib. Arena.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Futbolçular bu gün möhtəşəm oynadılar. Böyükhesablı məğlubiyyət müəyyən qədər gözlənilən idi. Çünki hücum futbolu oynamağımız lazım idi. Komandanın özünə inamını artırmaq istəyirdik. Daha hücumameyilli və aqressiv futbol sərgiləmək niyyətində idik. Futbolçularımdan çox razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey məlum idi.
Bir neçə dəyişikliklər etdim ki, digər oyunçular da bu ab-havanı hiss etsinlər. Saysız-hesabsız hücumlar etdik. Rəqib isə 3 qol epizodundan maksimum yararlandı. Bütün azarkeşlərə təşəkkür edirəm. Atmosfer möhtəşəm idi. Belə klubların ölkəmizə gəlməsi futbolumuzun inkişafı üçün təkandır”.
Ağdam klubunun çalışdırıcısı cari mövsümdə ilk avrokubok matçından etibarən riski gözə aldıqlarını deyib: “Sonadək qurduğumuz oyun sistemindən əl çəkmədik. Gələcəyi daha yaxşı etmək üçün bəzi anlarda nələrisə qurban verməlisən. Futbolçular bu mövsüm daha çox böyüdülər, heç nədən çəkinmədilər. Bu oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir formalaşardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Torpaqlarımız işğal altında olan vaxtlarda bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçular da daha ürəkliyik. Bu mövsüm oyunçulardan istədiyim hər şeyi gördüm”.
“0:2-dən sonra mənim üçün yenə qol buraxmağın fərqi yox idi”
Qurban Qurbanov ilk oyunla müqayisədə, cavab matçında zəif oynadıqlarına dair fikirlərlə razılaşmayıb: “Belə rəqibi 80 dəqiqə meydanın ona aid hissəsində saxlamaq asan deyil. Onlar Fransada bir az fərqli oynayırdılar. Hiss olunurdu ki, ehtiyatlanırlar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Buradakı qarşılaşmada daha çox qoş şanslarımız oldu. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim”.
Təcrübəli mütəxəssis İbrahima Vadjinin əllə vurduğu qolun qeydə alınmasını istəməməsindən də danışıb: “Həmin anda əsl azərbaycanlı kimi qərar vermək istədim. Güman ki bu qərar hələ çox müzakirə olunacaq. Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır”.


