Qurban Qurbanov: “Ədalətli hakimliyin olmasını istərdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Bazel”ə (İsveçrə) qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. İbrahima Vadji qol epizodlarını itirdiyi üçün çox əziyyət çəkdi. Ona irad bildirsəm, düzgün olmaz. Bu cür hallar mövsüm ərzində 3-4 oyunda olur. Ustalığı daha yüksək olsaydı, istifadə edərdi. Bununla belə, meydanda bütün gücünü ortaya qoydu. İlk dəfədir belə turnirdə iştirak edir. Onu qarşıdakı günlərdə daha yaxşı görəcəyik”.

Qurban Qurbanov matçın ilk dəqiqələrində vurduqları təmiz qolun sayılmamasına da münasibət bildirib:

“Həmin epizod komandamın çıxışına mənfi təsir etdi. Sanki futbolçular bir az ruhdan düşdülər. Əslində matçdan öncə hakimliklə bağlı danışıb onların psixologiyasını yormaq istəmirdim. Amma qol sayılmadığı üçün meydanda ruh düşkünlüyü hiss olundu. Onları sakitləşdirməyə çalışdım. Bundan sonra daha ürəkli oynamağa başladılar. Artıq gecdir. İstərdim ki, hakimlər nəinki bizim, heç bir komandanın haqqına girməsinlər. Çünki onlar ədaləti təmsil edirlər. Təəssüf ki, aralarında belələri də olur. Bu cür turnirlərdə kiçik bir səhv komandanın nəticəsini əlindən alır. Əfsuslar olsun ki, belə alındı. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün oyunlarda ədalətli hakimliyin olmasını istərdim”.

Qeyd edək ki, matçın ilk dəqiqəsindəcə Abdullah Zubirin zərbəsindən sonra top rəqib qapısından keçib. Lakin hakimlər təmiz qolu qeydə almayıblar. Ağdam klubunun futbolçu və məşqçi heyətinin etirazlarına baxmayaraq, Xorvatiyadan olan hakimlər briqadası fikirlərini dəyişməyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: