“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində Kipr AEL-inə qarşı keçiriləcək ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı bir komandaya qarşı oyuna hazırlaşırıq. Bu komanda gənc heyətə malikdir. Rəqibin fərdi ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Bununla bərabər kollektiv oyuna həddən artıq üstünlük verirlər. Düşünürəm ki, mənim üçün həmişə belə komandalara qarşı oynamaq maraqlı olub. Çünki belə oyunlarda daha çox düşünmək, daha diqqətli olmaq, futbolçuların məsuliyyətli yanaşması lazımdır. Bugünlərdə rəqibi futbolçularımıza maksimum tanıtmışıq. Həm ayrı-ayrı oyunçuları, həm komandanı, hər bir detalı futbolçulara çatdırmağa çalışmışıq. Sabahkı oyuna tam hazırdırlar. Həmişə olduğu kimi, ən yaxşısını etməyə çalışacağıq.
Yeni transferlərin sənədlərini UEFA-ya göndərmişik. Sadəcə, Riçard Almeydanın hazırlığı daha yaxşıdır, nəinki Qaspar Panadero Samoranın. Onun qarşıdakı oyuna hazırlaşmağa bir həftə vaxtı olacaq. Fiziki durumunu, hazırlığını həkimlər, məşqçilərlə müzakirə edəcəyik. Bu görüşdə onun sağlamlığı üçün təhlükə gözlənilməsə, oynamaq ehtimalı var. Ən azı bir neçə dəqiqə də olsa. Amma Riçardın hazırlığı daha yaxşıdır”.
Qeyd edək ki, sabah Limassoldakı “AEK Arena”da keçiriləcək AEL – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


