Qurban Qurbanov: “Əzmkarlıq hesabına qələbə qazandıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Furbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm.

Qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar.

Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda bizim futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xəttdəki oyunçulardan çox şey asılıdır. Oyunçulara da deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq”.

Qurban Qurbanov hər iki qolun daha çox tənqid olunan futbolçular tərəfindən vurulmasına da münasibət bildirib:

“Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: