Qurban Qurbanov 10-cu çempionluğu şərh etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri və çempionluğu təmin etdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempionluq münasibətilə futbolçularımı təbrik edirəm. Bu mövsüm çox əziyyət çəkdilər. İlk gündən sıx qrafikdə oynasaq da, hər şey düşündüyümüz kimi alındı. Futbolçularım bu çempionluğu qeyd etməyə layiqdirlər. Azarkeşlərimizin sevinci, bizimlə birgə olması həmişə bizə güc verib.

Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çox olur. Hər dəfə çempion olanda növbəti mövsümdə də səndən bunu gözləyirlər. Rəqiblər isə daha ciddi hazırlaşırlar. Bu mövsüm də xeyli çətin oyunumuz oldu. Sonuncu çempionluq həmişə daha şirin və vacib olur. Bəzən hansısa titulu əldə etdikdə sanki bir az rahat nəfəs almağı düşünürsən. Amma bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur.

Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Bunun bizim dönəmimizdə baş verməsinə sevinirəm.

Qarşıdakı oyunlara çox ciddi hazırlaşacağıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Əvəzedici heyətdən futbolçu götürmək fikrimiz yoxdur. Çünki heyətimizdə yetərincə oyunçu var. Hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov bir az zədələnmişdi. Düzgün plan tutmağa çalışacağıq”.

“Xaricə getmək düşüncəm yoxdur”

Qurbanov qışda transfer etdikləri Adama Diakabi və Yassin Benzyanın keçidinin uğursuz sayılmasına da münasibət bildirib: “Düşüncəmizə görə, bu gün hər ikisi ideal formada olmalıydı. Futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Məsələn, Abbas Hüseynov komandada fiziki göstəricilərdə ən üstün oyunçularımızdan biridir. Ancaq qış hazırlığında çox sadə epizodda zədə aldı. Buna görə suala dəqiq cavab verməyə ehtiyat edirəm. Benzyada hansısa problem olacağına inanmıram. Diakabinin zədəsi sümük nahiyəsindədir. Onun dönüşü uzun çəkə bilər. Hazırlıq dönəmində komandanın tam heyətlə olmasına çalışacağıq.

Hansısa oyunçunun gedəcəyi barədə hələ düşünməmişəm. Həmişə əlimizdəki oyunçuların qalmasını istəmişəm. Qarşılıqlı razılaşma olmadıqda hansısa qərar veririk. Yeni gələcək oyunçularla danışıqlar davam edir. Bəzən yüz faiz anlaşdığımız oyunçunun keçidi son anda alınmır. Transfer məsələsinə bundan sonra daha ciddi baxacağıq. Çox istərdim ki, kollektivimiz tam qalsın və bir neçə oyunçunu da bura əlavə edək”.

Qurbanov bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan da söz açıb: “Təəssüf ki, bu oyunda iştirak edə bilmədim. Orada olmağı çox istərdim. İlk 15-17 dəqiqəni izlədim. “Sabah” 2:0 hesabı ilə öndə idi. Çox maraqlı oyun gedirdi və gözəl atmosfer var idi. Şenol Günəşlə görüşməyi çox istərdim. Onunla münasibətlərimiz çox yaxşıdır. Amma “Səbail”lə matç çox vacib idi. Çünki çempionluq oyunu idi. Bugünkü performansına görə “Sabah”ı təbrik edirəm və belə oyun təşkil etdiyi üçün rəhbərliyinə təşəkkür edirəm. Bu, klubun daha da böyüməsinə gətirib çıxarır.

Xaricdə komanda çalışdırmaq? Hazırda buradayam. Həyatın işini bilmək olmaz. “Qarabağ”a sadiqəm, bu komandanın uğurlarının daha çox olmasını istəyirəm. Hazırda xaricə getmək düşüncəm yoxdur. Gələcəkdə necə olacağını bilmirəm”.

“Hesab oyuna görə olmadı” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə məğlubiyyəti belə şərh edib:

“İlk növbədə “Qarabağ”ı layiqli çempionluq münasibətilə təbrik edirəm və Çempionlar Liqasında onlara uğurlar arzu edirəm. Komandamız bu gün bacardığı qədər mübarizə apardı. Ümumiyyətlə, bu matçda ilk qolu vuran qələbə qazanacaqdı. Böyük danışmaq olmasın, ilk hissədə iki qol imkanından yararlana bilmədik. 71-ci dəqiqədə standart vəziyyətdən qol buraxdıqdan sonra komanda “sındı”. Belə rəqibə qarşı geridönüş etmək çox çətindir. Səviyyə, oyunçuların keyfiyyəti, beynəlxalq təcrübəsi öz sözünü dedi. Standart vəziyyətdən buraxdığımız iki qol yerində deyildi. Məncə, hesab oyuna görə olmadı. Sadəcə, səviyyə, futbolçuların fərdi hazırlığı və keyfiyyəti özünü əks etdirdi. Qarşıda iki oyunumuz qalır. Hər iki matça maksimum nəticə üçün çıxmalıyıq. Hər şey öz əlimizdədir. Ruhdan düşmək lazım deyil. Futbolçularım “Qarabağ”a qarşı layiqli mübarizə apardı, 70 dəqiqə oyun baxımdan rəqibə uduzmadılar. Buraxılan ilk qol psixoloji cəhətdən təsir etdi”.